İspaniya çempionatında 2-ci turun oyunları davam edir. Favoritlərdən sayılan “Barselona” səfərdə “Real Sosyedad”ın qonağı olub. Matçda hesab erkən açılıb. Komandanın yeni transferlərindən Robert Levandovski artıq 45-ci saniyədə rəqibi oyuna mərkəzdən başlamağa məcbur edib. 5 dəqiqə sonra meydan sahibləri Aleksandr İsak sayəsində tarazlığı bərpa ediblər. Ancaq bu San Sebastyan klubunun oyunda vurduğu sonuncu qol olub. 66-cı dəqiqədə Osman Dembele komandasını önə keçirib. 2 dəqiqə sonra Levandovski dubl edərək komandasının üstünlüyünü iki topa çatdırıb. Qarşılaşmada son nöqtəni isə katalonların gənc futbolçusu Ansu Fati qoyub: “Real Sosyedad” – “Barselona” 1:4.
Günün maraqlı qarşılaşmalarından daha biri “Atletiko Madrid” və “Vilyareal” kollektivləri arasında olub. Unay Emerinin rəhbərliyi altında inamlı oyunu ilə seçilən “Vilyareal” çempionatın ikinci görüşündə də azarkeşlərini sevindirib. 73-cü dəqiqədə Eremi Pino rəqibi cəzalandırıb. 2-ci hissəyə artıaılan 7-ci dəqiqədə isə Xerar Moreno oyunda son nöqtəni qoyub: “Atletiko” – “Vilyarreal” 0:2.
“Atletik Bilbao” – “Valensiya” görüşündə isə azarkeşlər yalnız 1 qol görüblər. 42-ci dəqiqədə Aleks Berenqer Baskoniya klubuna qələbə qazandırıb.
2 turdan sonra “Vilyareal”, “Real Madrid”, “Betis” və “Osasuna” 6 xalla yarış cədvəlində irəlidə gedirlər.